Körpənin beyni. Orqanizmin idarəetmə mərkəzi
Dinc sakitlik və sevincli gözləmə – hamiləlik üçün ən uyğun emosiyalar bunlardır. Bu dövrdə gözəl əhval-ruhiyyə sənin üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən həyəcan və təlaş artıq stress deməkdir. Və tez-tez həmin stress ona görə yaranır ki, sən sadəcə körpəndə hansı dəyişikliklərin baş verdiyini bilmirsən. Balacanın orqanizminin necə inkişaf etdiyi və onun daxili orqanlarının düzgün formalaşmasına nəyin səbəb ola biləcəyi barədə əlavə biliklər sənə hər şeyin plan üzrə getdiyindən əmin olmaqda yardım edəcək. Bu nəşrdə biz uşağın ən əsas orqanı olan baş beynin necə inkişaf etdiyi barədə danışacağıq.
Hamiləliyin ilk günlərindən etibarən, körpə, sanki nağıldakı kimi böyüyür: "günbəgün yox, saatbasaat". Həyatının hər növbəti dövrlərində uşaq artıq bu cür sürətlə inkişaf etməyəcək. Doqquz ay ərzində, o, bir hüceyrədən səninlə və yeni aləmlə görüşməyə hazır olan kiçik bir insana çevrilir. Səni hər gün yeni nailiyyətlərlə sevindirə bilməsi üçün, uşağın baş beyni, onun sənin bədənində yaşamağa başladığı ilk günlərdən etibarən, düzgün formalaşmalıdır.
Uşağının beyni necə inkişaf edir
Doqquz ay hamiləlik zamanı körpənin orqanizmində milyardlarla sinir hüceyrəsi, yüzlərlə iri sinir formalaşır. Uşaq dünyaya gəldiyi anda, onun baş beyni təxminən 400 qr. çəkidə olur ki, bu da yenidoğulmuşun çəkisinin 10 % təşkil edir, halbuki böyük insanın baş beyninin payına bədən çəkisinin cəmi 2% düşür1.
Sinir sisteminə iki şöbə daxildir: mərkəzi və periferik. Mərkəzi sinir sistemi baş və onurğa beynidir. Onlar bütün orqanizmin fəaliyyətinə "rəhbərlik edir".
Baş beyni ən mürəkkəb struktur, daima kənardan gələn məlumatları işləyən bir növ prosessordur, sənin körpənin şüurlu hərəkətlərinə, hissiyyat orqanlarına, düşüncəsinə, diqqətinə, yaddaşına, qərar qəbul etməsinə və emosiyalarına görə məsuliyyət daşıyır. Onurğa beyni sinir impulslarını keçirir, baş beynin "əmrlərini" ötürür və şüursuz hərəkət və reflekslərə görə məsuliyyət daşıyır. Bundan başqa, onurğa beyni, baş beynin reaksiyasını gözləməyə vaxt olmadıqda, avtomatik hərəkətlərin bir hissəsini (və ya, daha asan dildə desək, avtomatizmləri) yerinə yetirir.
Avtomatizmlər şüurlu iştirak tələb etməyən qeyri-ixtiyari hərəkətlərdir. Yəni, bu cür hərəkətlər edərək, sən onun haqqında düşünmürsən, bədən "avtomatik" reaksiya verir. Bunun sayəsində, sən tez bir zamanda potensial təhlükəli vəziyyətə qarşı reaksiya verə bilərsən. Belə ki, sən əlini ağrı mənbəyindən ildırım sürəti ilə çəkirsən: məsələn, qaynar tavadan tutduqda.
Bundan əlavə, onurğa beyni daxili orqanların fəaliyyətinə nəzarət edir2.
Körpənin beyninin və sinir sisteminin inkişafı necə baş verir
Periferik sinir sistemi bir növ "məftil" sistemidir, bu məftillər baş və onurğa beyni hər bir orqana (məsələn, qaraciyərə, böyrəklərə, ürəyə) və bədən toxumalarına (dəriyə, sümüklərə, bağ və ya əzələlərə) məlumat ötürür.
Periferik sinir sistemi eyni zamanda sadə və mürəkkəb şəkildə qurulub. Bura müxtəlif "ixtisaslı" sinirlər daxil edilib: hərəki, hissiyyat, vegetativ və qarışıq sinirlər. Onlar məlumat toplayır və mərkəzi sinir sisteminin müxtəlif şöbələrinə ötürür. Elektrik simlər kimi, çoxlu sayda sinir gövdələri və ucları insan orqanizmini sarmaqdadır və vahid informasiya şəbəkəsi formalaşdırır.
Bu cür mürəkkəb sistemin sayəsində, sənin körpən əllərini və ayaqlarını hərəkət etdirə, gülümsəyə, danışa, böyüyə və yeni bacarıqlarını inkişaf etdirə bilir.
Sadədən mürəkkəbə
Körpənin sinir sistemi mərhələlərlə inkişaf edir, gündən günə o, daha da mürəkkəbləşir. Mayalanmadan sonra təxminən 15-ci gündə birinci sinir hüceyrələri əmələ gəlir ki, onlar, sonradan bütün orqanizmi idarə edəcək. Uşağın baş və onurğa beyninin, habelə bütün sinir sisteminin inkişafı sinir borucuğunun formalaşmasından başlayır. Sinir borucuğu qeyri-bərabər şəkildə böyüyən sinir hüceyrələri zolağıdır. Baş nahiyəsində o, sonradan baş beyninə çevriləcək qabarcıqlar əmələ gətirir. Bədənin qalan hissələrində zolaq əyilir – bu onurğa beyninin gələcək şöbələridir.
Mayalanmadan sonrakı 22-ci gündə, körpənin baş və onurğa beyni hələ ki, heç bir şeylə qorunmur3. Kəllə və onurğanı formalaşdıran sümüklər bir az sonra əmələ gələcək. Lakin uşaq sənin uşaqlığında olduğuna və dölyanı sularda üzdüyünə görə, o, travma və silkələnmələrdən etibarlı şəkildə qorunur. Birinci ayın sonunda, körpənin baş nahiyəsində üç ədəd beyin qabarı görmək olar: qabaq, orta və arxa. Altıncı və yeddinci həftələrdə, qabaq və arxa qabar ikiyə bölünür və üç qabardan beşi əmələ gəlir.
Daha sonra, qabaq cüt inkişaf edərək, baş beynin böyük yarımkürələrinə və aralıq beyninə çevrilir (talamus və hipotalamus). Orta beyin qabarı orta beyinə çevriləcək ki, onun "vəzifəsi" çoxlu sayda həyati əhəmiyyətə malik funksiyaları yerinə yetirməkdən ibarətdir: o, görmə, eşitmə qabiliyyətlərinə, hərəkətlərə nəzarətə, yuxu və oyaqqalma dövrlərinin tənzimlənməsinə, tarazlıq, müdafiə və mühafizə reflekslərinə, diqqətin cəmlənməsinə, ağrılara qarşı hissiyyata, reproduktiv davranışa və bədən temperaturuna görə məsuliyyət daşıyır.
Arxa beyin qabarı rombvari beyinə çevriləcək ki, onun əsas funksiyaları aşağıdakılardır: tənəffüsə və qan dövranına nəzarət, informasiyanın onurğa beynindən baş beyninə ötürülməsi, hərəkətlərin koordinasiyası, tarazlığın və əzələ tonusunun tənzimlənməsi.
Sinir sistemi formalaşdığı zaman bətndaxili inkişaf çox incə bir prosesə çevrilir ki, istənilən mənfi dəyişikliklər bu prosesə təsir göstərir. Buna görə sənin özünü xəstəliklərdən və stressdən qorumağın, müntəzəm olaraq profilaktik müayinələrdən keçməyin və həkimlərin tövsiyələrinə qulaq verməyin çox əhəmiyyətlidir. Mama-ginekoloqun yanına getmək və onun tövsiyələrinə riayət etmək sənin körpənin düzgün inkişaf edəcəyinin və bətndaxili həyatının ilk günlərindən etibarən özünü yaxşı hiss edəcəyinin zəminidir4.
Körpən nə öyrənir
Hamiləliyin altıncı və yeddinci həftələrində, baş və onurğa beyninə paralel olaraq, uşağın periferik sinir sistemi formalaşır: burada artıq ən iri kəllə- beyin sinirlərini seçmək mümkündür5. Onlar körpənin beyninin operativ şəkildə bədəninin bütün hissələrindən əldə edilən məlumatların toplaması və işləməsi üçün lazımdır. Bu zaman onun digər iri orqan sistemləri inkişaf etməyə başlayır: ürəyi döyünür, qaraciyəri ilk qan hüceyrələrini formalaşdırır, böyrəkləri böyüyür. Həmçinin uşağın əlləri və ayaqları da böyüyür, gözləri və qulaqları formalaşır, körpə artıq sənə oxşamağa başlayır. O, gündən günə daha da təkmilləşir, daima yeni bir şey öyrənir.
Hamiləliyin ikindi trimestrində inkişaf davam edir: körpə artıq sənin səsini və xarici səsləri eşidir, əllərinin köməyi ilə öz bədənini və ətraf mühiti fəal şəkildə tədqiq edir. O, göbək bağına toxunur, baş barmağını əmir, onun gələcəkdə lazım olacaq refleksləri inkişaf edir. O, ətraflarının hərəkətlərini koordinasiya edir, hər gün məşq edir. Sən artıq daxildən onun ritmik təpiklərini və təkanlarını hiss edirsən. Həmçinin, ikinci trimestrdə, balaca gözlərini açmağa başlayır, indi o, parlaq işıqdan qorxa və diksinə bilər.
İkinci trimestrdə həmçinin miyelinizasiya prosesi başlayır. Bu hər bir sinir üçün "qoruyucu təcriddir", bu "təcrid" onun fəaliyyətini yaxşılaşdırır ki, sənin körpən yeni şeyləri tez öyrənsin. Doğuş anında miyelinizasiya prosesi tam başa çatmır, o, uşağın həyatının birinci illərində də davam edir. Hamiləliyin beşinci ayında, beynin böyük yarımkürələri hələ hamardır, lakin balacan artıq dünyaya gəldikdə, onların üzərində artıq qırışlar və şırımlar olacaq.
Baş beynin inkişafı: faydalı məşğələlər
Alimlər hesab edirlər ki, klassik musiqiyə qulaq asmaq, sənət əsərlərinə baxmaq, kitab oxumaq, sənin mehriban səsin uşağın sinir sisteminin formalaşmasına müsbət təsir göstərir. Boş olduğun hər dəqiqə uşağın sinir sistemini inkişaf etdirməyə çalış. Mümkün qədər çox kitab oxu, o cümlədən bunu ucadan et ki, səsin eşidilsin, gözəl şeylərə bax, gözəl nəğmələr dinlə. Sənin müsbət emosiyaların uşağının beyninin və bütün sinir sisteminin inkişaf etməsi üçün son dərəcə əhəmiyyətlidir.
30-cu həftədən sonra, analıq məzuniyyəti başladıqda, mədəni tədbirlər proqramı planlaşdırmaq olar: sərgilərə, muzeylərə getmək və ya təbiətə çıxmaq. Ancaq həkimlə məsləhətləş və siyahıdan hansı tədbirlərin istisna edilməli olduğunu öyrən. Belə ki, uzun müddət ərzində ayaq üstə durmağı, sərt pilləkənləri qalxmağı və ya səs-küylü yerlərdə olmağı istisna etmək lazımdır.
Uşağının sinir sisteminin sağlamlığı üçün nə əhəmiyyətlidir
Ekspert şərhi
Amirxanova Cenneta Yunusovna – hamiləlik üzrə ekspert
Beyin strukturlarının bünövrəsinin qoyulması və formalaşması dövrü hamiləliyin birinci trimestrinə, bu orqanın daha fəal böyüməsi və maksimal plastikliyi mərhələsi isə sonuncu trimestrə və sənin körpənin həyatının birinci iki ilinə təsadüf edir. Uşağın tam inkişaf etməsi üçün keyfiyyətli, balanslaşdırılmış qidalanma tələb olunur. Rasiona kifayət qədər zülalın, polizənginləşdirilməmiş yağ turşularının, dəmirin, sinkin, yodun, folatların, xolinin, B6 və B12 vitaminlərinin, habelə, A vitamininin daxil olması çox əhəmiyyətlidir. Bu məsuliyyətli dövr ərzində sənin qidalanmanın xüsusiyyətləri körpən dünyaya gəldikdən sonra onun davranışına da öz təsirini göstərəcək. Uşaq anadan olmazdan öncə o lazım olan hər şeylə nə qədər yaxşı təmin edilsə, onun beyninin inkişafı imkanları o qədər tam reallaşdırılacaq, o, məlumatları o qədər asan qavrayacaq və ətraf mühitlə daha asan qarşılıqlı əlaqəyə girəcək.
Hamiləlik dövrü rasionunuzu yenidən nəzərdən keçirməyin və faydalı maddələrlə, vitaminlərlə və mikroelementlərlə zəngin olan maksimal dərəcədə fərqli qidalanmaya üstünlük verərək, seçim etməyin əsl vaxtıdır: onlar körpəyə cift və göbək bağının damarları vasitəsilə çatacaq. Uşağın bütün bu mikroelementləri müntəzəm və fasiləsiz olaraq əldə etməsi üçün, hamiləliyin lap əvvəlindən, gözlənilən iki xətti gördüyün andan etibarən, öz qidalanmağına diqqət yetir. Həmçinin, baş beynin və sinir sisteminin digər şöbələrinin formalaşması üçün oksigen zəruridir. Daha çox təmiz havada gəzməyi və daha çox hərəkət etməyi unutma. İşə gedirsənsə, həddindən çox yorulmamağa çalış, nəzərində saxla ki, sən müdiriyyətlə daha yüngül funksionala keçid barədə müzakirə apara bilərsən. İş gününü qısaltmaq qərarına gəldinsə, əmələ gələn boş vaxtını gəzintiyə, sevimli hobbinə və ya seriala baxmağa sərf et. Bir sözlə, sənə (bu isə o deməkdir ki, körpəyə) həzz verəcək məşğuliyyət seç.
Kiçik beynin hüceyrələrinin fəal şəkildə bölünməsi üçün zülalla zəngin olan qida qəbul etmək lazımdır. Rasionuna dərisiz toyuq əti, yağsız ət (mal əti, dana əti) əlavə et. Zülallar vitaminlərlə, xüsusilə də askorbin turşusu (vitamin C) ilə birlikdə daha yaxşı həzm olunur. Bir qayda olaraq, hər gün pomidor, xiyar, ispanaq, kələm, kök və göyərtidən hazırlanmış tərəvəz salatı yemək vərdişi formalaşdır. Bu salatın üzərinə limon suyu tökə və zeytun yağı əlavə edə bilərsən. Gündəlik olaraq rasionuna təzə meyvə və göyərti əlavə etsən belə, sutkalıq vitamin normasını qəbul etməyin həmişə alınmır. Qidadakı vitaminlərin miqdarı yeməyin hazırlanması üsulundan çox asılıdır. Belə ki, tərəvəzləri qaynadarkən, vitamin C-nin 70%-dək, tiaminin (B1) 15-50% miqdarı itkiyə gedir, qaynadılan məhsullarda niasinin miqdarı isə, qaynadılmamış məhsullarla müqayisədə, 30-40% azalır. Buna görə, kifayət qədər tərəvəz qəbul etsən belə, onları qrildə, buxarda hazırladığın zaman və ya salat üçün qaynatdığın zaman sən kifayət qədər vitamin qəbul etməyə də bilərsən. Yağda həll olan vitaminlər yağlarla daha yaxşı həzm olunur. Lakin yağlı və ya xamalı kök, çuğundur salatını hər kəs sevmir, halbuki, yağ komponentləri olmadan, retinol olduqca pis həzm olunur6. Xüsusi hazırlanmış komplekslər çatışmayan vitamin-mineral ehtiyatlarını doldurmaqda yardım edəcək.
Balıq və dəniz məhsullarına nəzər yetir. Yaxınlarda alimlər aşkar ediblər ki, bu dadlı və faydalı məhsulların hamiləlik zamanı istifadə edilməsi körpə beyninin inkişafına müsbət təsir göstərir7. Gələcəkdə, doğulduqdan sonra, o, məlumatları daha yaxşı yadda saxlayacaq, diqqətini daha yaxşı cəmləyəcək, yeni şeyləri daha yaxşı öyrənəcək. Bu onunla əlaqədardır ki, yağlı dəniz balığının tərkibində sinir hüceyrələrinin inkişaf etməsi üçün həyati əhəmiyyət kəsb edən omeqa-3-polizənginləşdirilmiş yağ turşuları var. Bundan əlavə, balıq və dəniz məhsulları əlavə zülal mənbələridir.
Beynin sinir hüceyrələrinin inkişaf etdirilməsi üçün körpəyə minerallar, xüsusilə də maqnezium, kalsium, dəmir, sink və B qrupu vitaminləri lazımdır. Bu mikroelementləri sən dənli məhsullardan əldə edə bilərsən. Lakin, sutkalıq maqnezium normasını əldə etmək üçün, məsələn, hər gün 100 qr. küncüt, badam və ya keşyu, təxminən 800 qr. brokkoli kələmi qəbul etmək lazımdır ki, bu həddindən çox böyük yükdür. Buna görə, bəzən, sən yalnız qida vasitəsilə kifayət qədər mineral əldə etməyə də bilərsən.
Bir qayda olaraq, gününü südlü sıyıqla başla. Bu sağlam və qidalandırıcı yeməkdir. Kəsmik, təbii qatıq və ya pendir də kifayət qədər faydalıdır. Onları səhər yeməyində və ya naharda qəbul edə bilərsən. Həmçinin meyvəli pendir dilimləri – əsas qida qəbulları arasındakı əlaмə qəlyanaltı.
Mayalanma anından etibarən, körpənin bütün orqanları çox sürətlə formalaşır və inkişaf edir. Buna görə, artıq erkən hamiləlik mərhələlərində, sənə özünü stressdən, artıq fiziki yüklənmədən və zərərli ətraf mühit amillərinin təsirindən qorumaq zəruridir. Zərurət zamanı vitaminlər və minerallar kompleksi ilə tamamlanan rasional fərqli qidalanma gümrahlıq və həyat sevincinin qorunub saxlanmasında sənə yardım edəcək və uşağın sağlamlığının və rifahının bünövrəsini formalaşdıracaq.
Materialı hazırladı: Kovalenko Yevgeniy Aleksandroviç
Источники:
- Перинатальная неврология, Барашнев Ю.И., Триада Х. Москва, 2005 г.
- А. В. Триумфов Топическая диагностика заболеваний нервной системы, 18-е изд. - М.: МЕДпресс-информ, 2014. – 264с.
- Ленарт Нильсон, Ларс Хамбергер, «Ребенок родился», 2007.
- Э.К. Айламазян Акушерство: Учебник для медицинских вузов. 4-е изд., доп. / Э.К. Айламазян. СПб.:СпецЛит, 2003. С. 69
- Feigelman S. Assessment of fetal growth and development. In: Kliegman RM, Stanton BF, St. Geme JW, Schor NF, eds. Nelson Textbook of Pediatrics. 20th ed. Philadelphia, PA: Elsevier; 2016: chap. 8.
- М. В. Бигеева, С. В. Глущенко, Б. Ю. Ламихов, Е. А. Матыкина и соавт. Правильное питание. Полный справочник / – М.: «Научная книга», 2013 – 770 с.
- Maternal consumption of seafood in pregnancy and child neuropsychological development: a longitudinal study based on a population with high consumption levels. Jordi Julvez et al. American Journal of Epidemiology, Volume 183, Issue 3, 1 February 2016, P. 169– 182. https://doi.org/10.1093/aje/kwv195.