Uşağın ürəyi. Sənin xoşbəxtliyinin kainatı
Böyük ehtimalla, sən hələ də hamilə olduğun barədə xəbərin təsiri altındasan. Növbəti, daha bir əhəmiyyətli xəbər – ürək döyüntüsünün əmələ gəlməsi. Tərpənişlər və təkanlarla yanaşı, bədənində yeni həyatın inkişaf etməsinin daha yaxşı sübutu, demək olar ki, yoxdur və olmayacaq. O səsi xatırlayırsan? Heyranedici bir səsdir. Bu əsl xoşbəxtlik səsidir. Körpə dünyaya gəldikdə, o, estafeti başqa səs dalğasına ötürəcək ki, bu səs sənin həyatını iki hissəyə böləcək - həmin səsdən "əvvələ" və "sonraya". Bu, uşaq dünyaya gələrkən, onun ağlamaq səsidir.
Burada biz hamiləliyin ən birinci həftələrindən etibarən kiçik ürəyin necə formalaşdığı, onun inkişafına bu və ya digər trimestrdə hansı amillərin təsir göstərdiyi və kiçik ürəyin içində hansı qlobal hadisələrin baş verdiyi barədə danışacağıq.
Ürəyin inkişafı: döyünən borucuqdan mürəkkəb orqana qədər
Sənin körpənin fəaliyyət göstərməyə başlayan ən birinci orqanı onun ürəyidir. O, güclü nasos kimi fəaliyyət göstərir, qanı vurur və onu damarlarda axmağa məcbur edir, oksigeni və qidalandırıcı maddələri kiçik orqanizmin bütün toxumalarına, hər bir hüceyrəsinə çatdırır. Həmçinin o, oradan maddələr mübadiləsi məhsullarını aparır. Hamiləliyin dördüncü həftəsinin başlanğıcında sənin körpən düyü dənəsi boyda olur, onun ürəyi isə artıq işləyir. Lakin ultrasəs müayinəsi cihazının ekranında onun yığılmalarını sən bir az sonra, 5-6-cı həftədə görə biləcəksən1.
Doqquz aylıq hamiləlik ərzində, körpənin ürəyi, tükdən bir az qalın olan nazik döyünən borucuqdan mürəkkəb quruluşlu, dördkameralı orqana çevrilir ki, bu orqan qanı böyük və kiçik qan dövranı vasitəsilə hərəkət etdirir.
Həyatın ilk həftələrindən etibarən və bütün qalan müddət ərzində, ürək xüsusi hüceyrələr sayəsində yığılır. Onlar ürəyin özəl keçirici sistemini əmələ gətirir – ürək əzələsinin hər bir hüceyrəsinə çatan və sinxron işə "rəhbərlik edən" çoxlu sayda "elektrik naqilləri". Xüsusi şöbə olan sinus düyünündə bir anda qulaqcıqlara və mədəciklərə ötürülən və onları lazımi ardıcıllıqda sıxılmağa məcbur edən elektrik impulslar əmələ gəlir. Sənin körpənin ürəyi daima döyünür, bir dəqiqə belə olsun dayanmır. Əlbəttə ki, ürək emosiyalara və fiziki yüklənməyə qarşı reaksiya verəcək, zəifləyəcək və ya tez-tez yığılacaq. Sən özün kardiotokoqrafiya (KTQ) zamanı sənin körpənin ürəyinin necə döyündüyünü eşidə bilərsən. Kardiotokoqrafiya hamiləliyin üçüncü trimestrində körpənin ürək döyüntüləri tezliyinin, uşaqlığının yığılmalarına qarşı verdiyi reaksiyasının müəyyən edilməsi üçün həyata keçirilən bir prosedurdur. Sən, sakit oturduğun və ya hərəkət etdiyin, onunla söhbət etdiyin zaman onun ürək ritminin necə dəyişdiyini görəcəksən. Bu cür fasiləsiz yığılma daima qanı bədənin damarlarında qovur və sənin körpən daima qida və oksigen əldə edir2.
Balacanın ürəyi fasiləsiz olaraq böyüyür və təkmilləşdir. Qanı damarlara daha effektiv şəkildə vurmaq üçün, onu venoz və arterial şəbəkələrdə paylamaq zəruridir. Ürəkdə kameralar və qapaqlar formalaşır ki, onların sayəsində, onun toxumaları oksigen və qidalandırıcı maddələrlə zəngin olan arterial qanı əldə edir.
Arterial qan körpənin ürəyindən aortaya, oradan isə arteriyalarla kapilyarlara axır. Onlar qida və oksigeni bütün toxumalara çatdırır. Hüceyrələr karbon qazını və işlənmiş maddələri kiçik venullara verir. Daha sonra, daha böyük venalar karbon qazı və maddələr mübadiləsi məhsulları ilə zəngin olan qanı bir iri boş venaya çatdırır: o, qanı toxumalardan ürəyə, periferiyadan mərkəzə aparır. Körpə ürəyə doğru hərəkət edən venoz qanı göbək bağı və cift vasitəsilə sənə verir. Burada o, oksigenlə zənginləşir və uşağa göbək damarları vasitəsilə qayıdır. Onun ciyərləri hələ ki işləmir və o, oksigeni atmosfer havasından əldə edə bilmir, sən ona oksigeni zəruri miqdarda ötürürsən. Buna görə, sənin imkan daxilində çox təmiz havada olmağın, gəzməyin və fəal şəkildə hərəkət etməyin son dərəcə əhəmiyyətlidir. Nə qədər çox oksigen əldə etsən, oksigen o qədər çox miqdarda uşağa gedəcək.
Ürəyin kameraları və qapaqları
Uşağının bədənindəki qanın lazımi istiqamətdə axması üçün, inkişafın birinci həftələrindən etibarən, körpənin orqanizmində ürəkdaxili arakəsmələr və qapaqlar formalaşır. Onlar qana təzəlikcə çıxdığı qulaqcıq və mədəciklərə qayıtmağa imkan vermir. Beləliklə birtərəfli qan cərəyanı yaranır: kiçik və böyük qan dövranları3.
Sənin ürəyin hər dəqiqə ortalama dəqiqədə 60-80 dəfə yığılır, bətndaxili inkişaf zamanı isə körpənin ürəyi dəqiqədə 140-160 zərbə tezliyi ilə döyünür. Bu fərq ona görə yaranır ki, uşağın hüceyrələri daha aktiv bölünür, onlara bir neçə dəfə çox oksigen və qida lazımdır. Uşağın ürəyi nə qədər tez döyünürsə, qan bədəndə o qədər tez hərəkət edir, bununla da hüceyrələri qidalandırır və onların intensiv bölünməsini dəstəkləyir.
Onun ürəyi və damar sistemi indi xüsusi şəkildə fəaliyyət göstərir. Oksigenlə zəngin qanın böyük hissəsi (həcmin təxminən 2/3) dərhal oval pəncərədən sağ qulaqcıqdan sola, oradan isə sol mədəciyə və böyük qan dövranına keçir. Oval dəlikdən keçməyən qanın qalan hissəsi sağ qulaqcıqdan sağ mədəciyə, oradan isə ağciyər gövdəsinə istiqamətləndirilir. Burada oksigen üçün ağciyərlərə gedən yol olan kiçik qan dövranı başlayır. Lakin, indi uşağın ağciyərlərində hava yoxdur, onlar işləmir və qanı oksigenlə zənginləşdirmir. Buna görə, körpənin qanının bir hissəsi, o, sənin bətnində ikən işləyən damara göndərilir. Bu damar Botal və ya arterial axacaq adlanır, o, ağciyər gövdəsini və aortanı birləşdirir. Axacaq qanı körpənin ürəyinin sağ hissəsindən böyük qan dövranına qaytarır.
Belə çıxır ki, sənin körpən doğulana qədər, onun ürəyinin hər iki mədəciyi böyük qan dövranı tələbatlarının qarşılanması üçün fəaliyyət göstərir. Daha sonra, oksigeni toxumalara vermiş və onlardan karbon qazını almış qan göbək arteriyaları ilə geri ciftə qayıdır. Sən yenidən körpəyə oksigen və qida verirsən, işlənmiş maddələr və karbon qazı isə sənin qanına gedir.
Ekspert şərhi
Kotova Anna Nikolayevna – hamiləlik üzrə ekspert
Hamiləliyin ilk 12 həftəsi ürəyin düzgün formalaşmasına və inkişaf etməsinə təsir göstərən xüsusilə əhəmiyyətli dövrdür. Bu zaman onun əsas strukturlarının (kamera və qapaqlar) bünövrəsi qoyulur və formalaşır. Körpənin balaca ürəyi artıq 21-ci gündən etibarən döyünməyə başlayır, müasir tibb avadanlığında bunu, demək olar ki, dərhal görmək olur4.
Körpənin inkişafının dördüncü həftəsindən etibarən, mədəciklərarası və qulaqcıqarası çəpərlər formalaşmağa başlayır, 6-7-ci həftələrdə ürək tam dördkameralı ürəyə çevrilir, lakin qulaqcıqarası çəpərdə açıq oval pəncərə qalır. Bütün hamiləlik müddəti ərzində, bu pəncərə fetal qan dövranında iştirak edir5.
Çəpərlərin böyüməsi başa çatdıqdan sonra, ürəkdə qapaqlar formalaşmağa başlayır ki, onlar hamiləliyin 38-ci həftəsində tam şəkildə inkişaf etmiş olur. Balaca ürəyi kardiomiositlər adlanan xüsusi hüceyrələr hərəkətə gətirir – onlar miokard yığılmasını işə salan elektrik dalğalar yaradır. Daha sonra, onlar bir yerdə toplanacaq və sinus düyününü və ürəyin keçirici sistemini, yəni ürək ritminə görə cavabdeh olan hər şeyi formalaşdıracaq.
Balaca ürək fəaliyyətə başladığı zaman o, sənin ürəyinlə eyni tezliklə döyünür: təxminən dəqiqədə 75-80 zərbə. Hamiləliyin birinci ayı ərzində, onun fəaliyyəti sürətlənir (hər üç gün təxminən 10 zərbə) və maksimal həddə çatır: dəqiqədə 165-185 zərbə6. 15-ci həftədən başlayaraq körpə anadan olana qədər isə ritm zəifləyir və təxminən dəqiqədə 145 zərbə tezliyinə çatır.
Birinci nəfəs və yeni həyat
Sənin körpən dünyaya gəldikdən sonra birinci nəfəsini alacaq, onun ağciyərləri hərəkətə gələcək, ağciyər gövdəsinin damarları ilə onlara qan işləyəcək. Botal axacağı artıq lazım olmayacaq və bir neçə gün ərzində qapanacaq. Onunla birlikdə, oval pəncərə də tamamilə qapanacaq və körpənin qanı böyük və kiçik qan dövranı ilə dövr edəcək.
Göbək damarları doğuşdan sonra bir neçə dəqiqə pulsasiya edir, daha sonra büzüşür. Doqquz ay ərzində körpənin ürəyi pulsasiya edən borucuqdan müstəqil idarəetmə sistemi və qapaqları olan dördkameralı quruluşa malik mürəkkəb orqana qədər olan bir yol keçir.
İki ürək birlikdə döyünür
Öz körpənin ürək döyüntüsünü ilk dəfə eşitdiyin zaman sən unudulmaz hisslər yaşayırsan. Sən emosiyalarla dolu olursan, daxilən dəyişirsən. Hamiləlik, tezliklə körpənin dünyaya gələcəyi səbəbi ilə, bədən və düşüncələrinin, davranış və emosiyalarının tamamilə yenidən tənzimləndiyi unikal bir vəziyyətdir. İndi istənilən həyəcanı və yeni hadisələri siz birlikdə yaşayırsınız. Ürək döyüntün artırsa, körpənin ürəyi də daha sürətlə döyünməyə başlayır. O, həmçinin, səninlə birlikdə sevinir və ya kədərlənir. Buna görə, sakit ola, boş şeylərə görə həyəcanlanma, özün üçün ən xoş məşğuliyyətləri seç: musiqiyə qulaq as, təbiətə çıx, uşaq üçün otağı qaydaya sal – bu məşğuliyyətlər sabit psixoemosional fonu qoruyub saxlamaqda yardım edir.
Özünü həddindən artıq yorulmaqdan və həyəcanlanmaqdan qorumağa çalış, səlahiyyətlərini ailə üzvlərinə ver. Həkimlə yüklənmələri müzakirə edin: hər bir trimestrdə sənə nə etmək olar, hansı hərəkətlərdən çəkinmək lazımdır. İşdən sonra park və ya bağda piyada gəzintidə fayda var, yaxud yorğunsansa və ya həkim çox gəzməyi tövsiyə etmirsə, evdə qal, kitab, jurnal oxu və ya sevimli filmə bax.
30 həftədən sonra, analıq məzuniyyətində çıxdıqdan sonra, istirahət, xoş işlər və qayğılar üçün daha çox vaxt olacaq. Lakin, unutma: təmir, mebelin yerinin dəyişdirilməsi, ağır əşyaların qaldırılması və ya əsaslı yır-yığış sənin görəcəyin iş deyil, doğmalardan yardım etməyi xahiş et.
Körpənin ürəyinin sağlamlığına qayğı göstərilməsi
Körpənin balaca ürəyinin düzgün böyüməsinə və inkişaf etməsinə qayğı göstərmək əhəmiyyətlidir. Bunun üçün öz rasionuna maksimal dərəcədə faydalı məhsullarla fərqlilik qat. Uşağı hüceyrələri fəal şəkildə bölünür, onlara çoxlu qidalandırıcı maddə, vitamin və mineral lazımdır. Bu "kiçik kərpiclərdən" miokardda yeni əzələ hüceyrələri yaranır ki, onlar daha çox həcmdə qan vurur. Kifayət qədər zülalın istehlak edildiyinə diqqət yetir: məhz zülaldan yeni hüceyrələr qurulur. Yağsız ət, yağlı dəniz balığı, dəniz məhsulları, toyuq və ya hind quşu əti kimi məhsullar daha çox faydalı olar. Ət yeməklərinin istifadə edilməsi həmçinin ona görə çox əhəmiyyətlidir ki, onların tərkibində ürəyin böyüməsi və oksigenin qan hüceyrələri tərəfindən daşınması üçün zəruri olan dəmir var.
Lakin qida ilə əldə olunan dəmir bütün tələbatlarınızı (sənin və böyüyən körpənin) qarşılamaq üçün həmişə kifayət etmir. Dəmir fəal şəkildə ürək hüceyrələrinin qurulmasına və eritrositlərin (oksigen daşıyan qırmızı qan hüceyrələrinin) əmələ gəlməsinə sərf olunur, buna görə onun ehtiyatlarını doldurmaqda dəmirli vitamin-mineral əlavələr yardım edəcək.
İndi sənin üçün yağlar da zəruridir, xüsusilə doymamış yağlar. Tərkibində körpənin balaca ürəyi üçün əhəmiyyətli olan omeqa turşularının olduğu balıqdan başqa, sənə bitki yağları lazımdır: zeytun, günəbaxan, kətan yağları.
Çoxlu göyərti, meyvə və tərəvəz qəbul etsən, zülal və dəmir daha yaxşı həzm olunacaq. Onların tərkibində vitamin C, rutin və fol turşusu var ki, onlar körpənin ürəyinin və damarlarının düzgün inkişaf etməsi üçün həyati əhəmiyyət kəsb edir. İştahan yoxdursa və ya məhz bu məhsulları yemək istəmirsənsə, sən gündəlik tərəvəz, meyvə və göyərti normasını tam almaya da bilərsən. Bundan başqa, saxlama və digər ölkələrdən nəqletmə zamanı meyvələr vitaminlərin bir hissəsini itirir. Söhbət ürək hüceyrələrinin fəal şəkildə bölünmsəi üçün lazım olan folatlardan (metafolin, fol turşusu) gedirsə, bu xüsusi əhəmiyyət kəsb edir.
Ürək üçün həmçinin ona yığılmaqda yardım edən kalium da zəruridir. Buna görə, bu mineralla zəngin olan məhsullara diqqət yetir. Bu məhsullara bana, brokkoli, yarpaqlı tərəvəzlər, qaynadılmış kartof, lobya daxildir. Orqanizmə kifayət qədər kalsium və maqneziumun daxil olması da böyük əhəmiyyət kəsb edir. Onlar sadəcə skeletin böyüməsi prosesində deyil, həmçinin körpənin ürəyinin inkişaf etməsində əhəmiyyətli rol oynayır. Müntəzəm olaraq süd məhsullarından istifadə etməyi unutma: kəsmik, qatıq, pendir, kefir və ya süd. Yarmalarda, fındıqlarda və paxlalılarda maqnezium çox olur, bu məhsulları öz rasionuna bacardığın qədər çox daxil et.
Qidalanma üzrə bütün tövsiyələrə riayət etmək istəyin həmişə olmayacaq, bəzi məhsullar xoşuna gəlməyə bilər (məsələn, kəsmik və ya ispanaq), başqalarını isə, bu və ya digər vitaminlərin zəruri sutkalıq dozasını əldə etmək üçün həddindən çox miqdarda qəbul etmək lazımdır. Vitamin-mineral kompleksləri gündəlik olaraq çatışmayan komponentlərin defisitini tamamlamağa kömək edəcək.
Unutma, daha çox hərəkət etmək lazımdır: sən fəal olduğun zaman qanın oksigenlə daha yaxşı zənginləşir, bu isə o deməkdir ki, sənin körpən də cift vasitəsilə daha çox oksigen əldə edir. Gəzintiyə çıx, park və bağlara tez-tez get. Bu sadəcə qanı əlavə oksigen porsiyası ilə zənginləşdirməyə imkan vermir. Bu zaman sən körpə ilə ünsiyyət qura, birlikdə keçirdiyiniz gözəl dəqiqələrdən həzz ala, tezliklə həyata keçiriləcək görüşünüz barədə planlar və xəyallar qura bilərsən.
Sözsüz, insan ürəyi unikaldır. Onun strukturlarının formalaşması və təkmilləşməsi prosesi bütün hamiləlik boyunca baş verir. O çox mürəkkəb və güc tələb edəndir, buna görə sənin üçün sağlamlığına diqqət yetirmək, bununla da özünə və uşağına qayğı göstərmək əhəmiyyət kəsb edir.
Materialı hazırladı: Kovalenko Yevgeniy Aleksandroviç
Источники:
- Sadler, T.W. (2012). Langman. Embriología Médica. Lippincott William s& Wilkins. P. 165.
- Patterson A.J., Zhang L.. Hypoxia and fetal heart development. Curr. Mol. Med. 2010 Oct;10(7):653-66. Review. PubMed PMID: 20712587; PubMed Central PMCID: PMC3075953.
- Taber, L.A., & Perucchio, R. (2000). Journal of Elasticity, 61(1/3), 165–197. doi: 10.1023/a:1011082712497
- Н.Н. Володин - Неонатология. Национальное руководство 2008 г.
- Pregnancy: Stages of pregnancy. U. S. Department of Health and Human Services. URL: https://www.womenshealth.gov/pregnancy/youre-pregnant-now-what/stages-pregnancy
- Fernández, Patricia Martha (2002). Manual de biología del desarrollo. ManualModerno. P. 243